Bugun.tv xəbər verir ki, İtaliyanın Baş naziri Corcia Meloni Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna ilə bağlı danışıqlarda vahid nümayəndənin müəyyənləşdirilməsi barədə razılığa gələ bilməsələr, bir neçə ölkədən ibarət qrupun Avropanı təmsil etməsi variantını nəzərdən keçirməyə hazır olduqlarını bildirib.
Meloni bu barədə Avropa Şurasının iclası ərəfəsində İtaliya Senatında çıxışı zamanı danışıb. “News Mail” nəşrinin məlumatına görə, İtaliya hökumətinin başçısı Avropanın danışıqlar masasında vahid mövqedən çıxış etməsinin vacibliyini vurğulayıb.
Fransa, Almaniya və Böyük Britaniya variantı
Meloni 27 Aİ ölkəsinin hamısının səlahiyyət verdiyi nüfuzlu nümayəndənin müəyyənləşdirilməsini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, vahid namizəd barədə razılıq əldə olunmasa, alternativ variantlar da nəzərdən keçirilə bilər.
Mümkün variantlardan biri Fransa, Almaniya və Böyük Britaniyanın daxil olduğu E3 formatıdır. Böyük Britaniya Aİ üzvü olmasa da, bu üç ölkə Ukrayna məsələsi üzrə Avropa diplomatiyasında fəal iştirak edir.
Meloni qeyd edib ki, əgər bu ölkələr ayrıca fəaliyyət göstərməklə daha səmərəli nəticə əldə edə biləcəklərini düşünürlərsə, bunu bütün Avropa adından və digər ölkələrin verdiyi rəsmi mandat əsasında etməlidirlər.
Əsas məsələ Avropanın vahid mövqeyidir
İtaliyanın baş naziri danışıqlarda konkret olaraq hansı ölkələrin iştirak etməsindən daha çox, onların kimin adından danışmasının və hansı səlahiyyətə malik olmasının əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, Avropa ölkələri parçalanmış şəkildə deyil, vahid mövqedən çıxış etməlidirlər.
Meloni daha əvvəlki çıxışında enerji obyektlərinə qarşı hücumların dayandırılmasını nəzərdə tutan atəşkəs təşəbbüsünü də dəstəklədiyini bildirib.
Mənbə: News Mail
