Sosial

“Müəllimlərə əl qaldırmaq gələcəyimizə əl qaldırmaqdır!”

Son günlər məktəblərdə baş verən hadisələr, müəllimlərin hədəfə alınması, təhsil ocaqlarında gərginliyin və zorakılığın artması ciddi narahatlıq doğurur.

Məktəb mübahisələrin zorakılıqla həll edildiyi deyil, düşüncələrin formalaşdığı, insanlığın və qarşılıqlı hörmətin öyrədildiyi yerdir. Müəllimlə razılaşmamaq olar, onun qərarını müzakirə etmək olar, lakin heç bir fikir ayrılığı zorakılığa haqq qazandıra bilməz.

Bu dəfə söhbət Binə qəsəbəsində yerləşən 218 saylı tam orta məktəbin direktoru Əbülfət Bağırovdan gedir. Əbülfət müəllim ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, uzun illər təhsil sahəsində çalışan qocaman pedaqoqlardandır. Onun yetişdirdiyi, ölkəmizi həm beynəlxalq arenada, həm də ölkə daxilində layiqincə təmsil edən saysız-hesabsız şagirdlər var.

Belə bir müəllimə, bir təhsil rəhbərinə qarşı fiziki təzyiq göstərilməsi, üzərinə yazı lövhəsi atılması təkcə bir insana qarşı hörmətsizlik deyil. Bu, illərini gəncliyin yetişməsinə həsr etmiş bir müəllimin əməyinə, müəllim nüfuzuna və bütövlükdə cəmiyyətin mənəvi dəyərlərinə yönəlmiş zərbədir.

Əbülfət müəllimə qarşı bu hərəkət yalnız onun şəxsiyyətinə qarşı edilən bir davranış kimi qiymətləndirilməməlidir. Bu hadisə, əslində, cəmiyyətin özünə tutulmuş bir güzgüdür. Müəllimə qarşı zorakılığın adi hala çevrilməsi sabah hansı dəyərlərlə böyüyəcəyimizi, övladlarımıza hansı nümunəni göstərəcəyimizi düşünməyə vadar etməlidir.

Məktəbdə yaranan fikir ayrılıqları, o cümlədən məktəbli forması və hicabla bağlı müzakirələr qanun, dialoq, qarşılıqlı hörmət və sivil yollarla həll edilməlidir. Heç kimin düşüncəsinə, inancına və etirazına görə alçaldılmasına yol verilməməlidir. Lakin heç bir etiraz da müəllimə qarşı fiziki zorakılığa bəraət qazandıra bilməz.

Direktora hücum edilməsi, üzərinə yazı lövhəsi atılması nə etiraz mədəniyyətidir, nə də haqq axtarışıdır. Haqqı müdafiə etmək adı ilə başqasının haqqını tapdalamaq olmaz!

Bu gün müəllimin yanında olmaq kiminsə fikrini müdafiə etməkdən daha böyük məsələdir. Bu, məktəbdə təhlükəsizliyin, qarşılıqlı hörmətin və sağlam gələcəyin yanında olmaqdır.

Müəllimlər qorxu içində deyil, əmin-amanlıq şəraitində işləməlidirlər. Onların təhlükəsizliyi və nüfuzu qorunmalıdır. Cəmiyyət olaraq anlamalıyıq ki, müəllimin nüfuzunu itirdiyi yerdə təhsilin, təhsilin zəiflədiyi yerdə isə gələcəyin təhlükə altına düşməsi qaçılmazdır.

Unutmayaq: müəllimə atılan daş, lövhə və ya yönələn hər hansı zorakılıq yalnız bir insana deyil, yetişdirmək istədiyimiz gələcəyə atılır.

Əbülfət müəllimə və bütün müəllimlərimizə hörmət göstərmək, onların təhlükəsizliyini müdafiə etmək hər birimizin mənəvi borcudur.

MÜƏLLİMƏ HÖRMƏT — GƏLƏCƏYƏ HÖRMƏTDİR!

Elnarə Dərziyeva

Oxşar xəbərlər

İsrail Prezidentinin iqamətgahı qarşısında Azərbaycan mahnıları səsləndirildi

Aynur Camal

Məhluqə Rəhimova: Məktəb dini mübahisələrin deyil, elmin və milli gələcəyin məkanıdır

Aynur Camal

Payız mövsümünə özəl: Kosmetoloji prosedurlara 20 faiz endirim elan edildi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu