Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları bərpa etməsini “utancverici” adlandıraraq Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid edib.
Tramp bu barədə Newsmax telekanalına müsahibəsində danışıb. Yanacaq qiymətlərinin artmasına diqqət çəkən ABŞ lideri hücumları tənqid edərək, “Bu, utancvericidir! Hədəf alınacaq çoxlu başqa yerlər var”, – deyə bildirib.
Tramp Zelenski ilə işləməyin çətin olduğunu iddia edib
ABŞ Prezidenti Zelenskinin addımlarının dünya bazarında neft qiymətlərinin artmasına səbəb olduğunu irəli sürüb. O, Ukrayna lideri ilə işləməyin Rusiya Prezidenti Vladimir Putinlə işləməkdən daha çətin olduğunu bildirib.
Tramp, həmçinin Zelenskinin razılaşma əldə etmək istəmədiyini, sadəcə, bunu istəyirmiş kimi göründüyünü iddia edib.
Rusiya neft emalı zavoduna hücum
Rusiya Federasiyasının Ryazan vilayətində yerləşən neft emalı zavoduna pilotsuz uçuş aparatı ilə hücum edilib. TRT Haber-in məlumatına görə, bu, Trampın bazar günü Moskva ilə Kiyevin enerji obyektlərinə qarşı hücumların dayandırılması barədə razılığa gəldiyini açıqlamasından sonra Rusiyanın enerji infrastrukturuna edilən ilk hücum olub.
Zelenski isə cümə axşamı verdiyi açıqlamada Rusiya neft emalı zavodlarına qarşı hücumların yenidən başlayacağını bildirib. O, Trampı müharibədə “təcavüzkarın” tərəfində dayanmamağa çağırıb.
Mənbə: TRT Haber
