Bugun.tv xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərindəki Mərkəzi Kitabxananın 100 illiyi münasibətilə dünyanın ən böyük həcmli təsvirli kitablarından biri hazırlanıb. Təxminən 816 kiloqram ağırlığında olan kitabın səhifələrini çevirmək üçün eyni anda 10 nəfərin köməyinə ehtiyac var.
Kitab 9 metrdən çox enə açılır
“Luceros y Penumbras” adlanan kitab Los-Ancelesli rəssam Daniel Qonzalesin, kağız mühəndisləri Metyu Reynhart və Enn Marşallın iştirakı ilə hazırlanıb. Layihə üzərində ümumilikdə 35 nəfərlik komanda çalışıb.
Kitab bağlı vəziyyətdə 4,7 metrə 6,1 metr ölçüdədir. Açıldıqda isə eni təxminən 9,4 metrə çatır. Bəzi həcmli kağız təsvirlərin hündürlüyü 3,35 metrdir.
Kitabın səhifələrində kitabxananı, gecə səmasını və “Bilik ağacı”nı əks etdirən iri həcmli təsvirlər yerləşdirilib. Əsər Los-Anceles Mərkəzi Kitabxanasının əsas binasında nümayiş etdirilir.
Kitabın hazırlanmasına böyük komanda cəlb olunub
Nəhəng əsərin səhifələri binanın girişlərindən keçirilə bilməsi üçün ayrı-ayrı hissələr şəklində hazırlanıb, daha sonra kitabxananın daxilində birləşdirilib.
Layihənin məqsədi təkcə ölçüsünə görə diqqət çəkmək deyil, həm də kitabxananın yüzillik tarixini və biliyin əhəmiyyətini qeyri-adi formada nümayiş etdirməkdir.
Mənbə: Hi-Tech Mail
