Bugun.tv xəbər verir ki, taekvondo idman növü üzrə yeniyetmələr arasında keçirilən ölkə birinciliyində birinci yeri tutan Saatlı sakini Ağaş Zamiq oğlu Yolçuzadə ilə görüş keçirilib.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov bu gün gənc idmançını qəbul edib. Görüşdə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, aidiyyəti qurumların nümayəndələri və idmançının məşqçi-müəllimi iştirak ediblər.

İdmançının uğuru yüksək qiymətləndirilib
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov Ağaş Yolçuzadəni qazandığı uğur münasibətilə təbrik edib, ona gələcək yarışlarda yeni nailiyyətlər arzulayıb.
Rayon rəhbəri çıxışında Azərbaycanda idmanın inkişafına, yeniyetmə və gənclərin idmana cəlb olunmasına, onların uğurlarının dəstəklənməsinə göstərilən dövlət diqqət və qayğısını vurğulayıb.

Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov da idmançını və onun məşqçi-müəllimini təbrik edərək qazanılan nəticənin əhəmiyyətini qeyd edib.

Fəxri fərman və hədiyyələr təqdim olunub
Görüşün sonunda Ağaş Yolçuzadəyə uğuruna görə Saatlı Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.


