Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Bugun.Tv xəbər verir ki, məktubda dövlət başçısı öz adından və Azərbaycan xalqı adından Türkiyə Prezidentinə və qardaş Türkiyə xalqına ən səmimi təbriklərini və xoş arzularını çatdırıb.
İlham Əliyev məktubunda Azərbaycanla Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq tellərinin bağladığını vurğulayıb.
Prezident qeyd edib ki, 2021-ci ildə Rəcəb Tayyib Ərdoğanla birgə imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri ən yüksək səviyyəyə – müttəfiqlik mərhələsinə yüksəldib və əlaqələrə yeni məzmun qazandırıb.
Dövlət başçısı təbrik məktubunda Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətində uğurlar arzulayıb. Həmçinin qardaş Türkiyə Respublikasına və onun xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.
