“Bugatti Rimac” şirkətinin rəhbəri Mate Rimacın şəxsi “Bugatti Chiron” avtomobili Xorvatiyada şirkətin istehsal və texnologiya mərkəzinin ərazisindən oğurlanıb. Bir neçə milyon avro dəyərində olan hiperkar telemetriya sistemi vasitəsilə izlənilib və Avstriyada polis tərəfindən saxlanılıb.
Bugun.Tv xəbər verir ki, hadisə oktyabrın 28-də Zaqreb yaxınlığında baş verib. Məlumata görə, Rimac avtomobilin açarlarını adəti üzrə salonunda saxlayıb. O, bunu şirkət əməkdaşlarının avtomobili sınaq və texniki yoxlamalar zamanı rahatlıqla istifadə edə bilməsi üçün etdiyini bildirib.
Avtomobilin yoxa çıxması əvvəlcə dərhal fərq edilməyib. Çünki şirkət əməkdaşları və yaxınları da bəzən həmin avtomobildən istifadə edirdilər. Daha sonra naməlum şəxsin “Bugatti” ilə ərazidən uzaqlaşdığını görən bir nəfər bu barədə şirkətə məlumat verib.
Rimac oğrunu Porsche ilə təqib edib
Hadisədən xəbər tutan Mate Rimac dərhal polisə müraciət edib. Şirkət əməkdaşları avtomobilin telemetriya məlumatlarını yoxlayaraq onun hərəkət istiqamətini müəyyənləşdiriblər. Məlum olub ki, avtomobil Sloveniya istiqamətində hərəkət edir.
Rimac özü də “Porsche 911” avtomobili ilə oğrunun arxasınca yola düşüb. Lakin şübhəli şəxs avtomobillə Sloveniya ərazisindən keçərək Avstriyaya çatmağa nail olub. Şirkət əməkdaşlarının avtomobilin yeri barədə polisə ötürdüyü məlumatlar nəticəsində Avstriya polisi onu saxlayıb.
Məlumata görə, şübhəli şəxs avtomobili götürərkən açarların salonda olduğunu görüb və bundan istifadə edib. O, hadisədən sonra polis bölməsində Rimacla da qarşılaşıb.
Avtomobil təmir ediləcək
Mate Rimac avtomobilin geri qaytarıldığını təsdiqləyib. Onun sözlərinə görə, “Bugatti Chiron” oğurluq zamanı müəyyən zərər görüb, lakin təmir olunacaq.
Rimac hadisədən sonra avtomobillərinin açarlarını salonda saxlamaq vərdişindən imtina edəcəyini bildirib. O, şübhəli şəxsə qarşı şəxsən şikayətçi olmaq niyyətində olmadığını desə də, avtomobilin yüksək dəyərinə görə hüquq-mühafizə orqanlarının araşdırmanı davam etdirəcəyi bildirilir.
Qeyd edək ki, “Bugatti Chiron” 1500 at gücünə malik hiperkar modelidir. Avtomobilin baza qiymətinin təxminən 2,4 milyon avro olduğu bildirilir.
Mənbə: mail.ru
