Bugun.Tv-yə daxil olan məlumata əsasən, Seneqal Respublikasının Misirdəki səfirliyi azərbaycanlı tədqiqatçı-alim, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri Seymur Nəsirovu təltif edib.
Təltif alimin uzun illər ərzində Misirdə təhsil alan seneqallı tələbələrə göstərdiyi dəstəyə və onların elmi inkişafına verdiyi töhfələrə görə təqdim olunub.
Seneqal səfirliyinin Misirdə təhsil alan seneqallı tələbələr üçün təşkil etdiyi “Məzun günü” tədbirində səfirliyin müşaviri Mamadou Mbengue Seymur Nəsirovun xidmətlərini yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən Seymur Nəsirov Azərbaycanla Seneqal arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, seneqallı tələbələrə dəstək göstərməyin və onların təhsilinə töhfə verməyin özü üçün böyük məmnunluq doğurduğunu vurğulayıb.
Misirdə Seneqallı Tələbələrin Milli Assosiasiyasının sədri Baba Ğor Embob da çıxışında Seymur Nəsirovun uzun illər ərzində seneqallı tələbələrin yetişməsində mühüm rol oynadığını qeyd edib. O bildirib ki, hazırda Nəsirovun rəhbərliyi altında təhsil almış çoxsaylı şəxslər Seneqalda müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Assosiasiya sədri özü də bir neçə il əvvəl Seymur Nəsirovun rəhbərliyi altında təhsil aldığını diqqətə çatdırıb.
Qeyd edək ki, Seymur Nəsirov 2003-cü ildən etibarən Misirdə təhsil alan əcnəbi tələbələrin təhsilinə və elmi inkişafına dəstək verir. Onun rəhbərlik etdiyi proqramlardan hazırda 65 ölkəni təmsil edən iki mindən çox tələbə faydalanır.
Alimin uzun illər ərzində yetişdirdiyi tələbələr müxtəlif ölkələrdə professor, mütəxəssis və din xadimi kimi fəaliyyət göstərirlər.

