Bugun.Tv xəbər verir ki, ABŞ-ın “Varda Space Industries” şirkəti dərman istehsalının bəzi mərhələlərini kosmosda həyata keçirmək üçün təcrübələr aparır. Şirkət mikroqravitasiya şəraitindən istifadə edərək xərçəng müalicəsində tətbiq oluna biləcək preparatların kristallarını yetişdirməyə çalışır.
“The Guardian”ın məlumatına görə, şirkətin orbitə göndərdiyi pilotsuz kapsullardan birində dərman namizədinin kristallaşması prosesi araşdırılır. Yer kürəsində cazibə qüvvəsi kristalların formalaşmasına təsir göstərdiyi halda, kosmosun mikroqravitasiya şəraiti daha fərqli və nizamlı kristal quruluşlarının yaranmasına imkan verə bilər.
Alimlərin gözləntisinə görə, belə kristallar bəzi dərmanların orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdırmağa və onların tətbiq formasını dəyişməyə kömək edə bilər.
Bununla belə, kosmosda dərman hazırlamaq hələ eksperimental mərhələdədir. Bu üsulun kommersiya baxımından nə dərəcədə sərfəli və tibbi cəhətdən effektiv olacağı əlavə sınaqlardan sonra müəyyənləşəcək.
Mənbə: The Guardian
