Bugun.Tv xəbər verir ki, Çin elektron ticarət şirkəti “JD.com” Almaniyanın “Ceconomy” şirkətini almaq üçün Avropa İttifaqından son tənzimləyici razılığı əldə edib.
“Reuters”in məlumatına görə, təxminən 2,5 milyard dollar dəyərində olan sövdələşmə “MediaMarkt” və “Saturn” elektronika mağazalar şəbəkələrinin sahibini Çin şirkətinin nəzarətinə verəcək.
Avropa Komissiyası razılığı xarici subsidiyaların daxili bazarda rəqabətə təsirini tənzimləyən qaydalar çərçivəsində verib. Komissiya əvvəlcə “JD.com”un Çin hökumətindən güzəştli maliyyələşmə, vergi imtiyazları və qrantlar alaraq rəqibləri qarşısında üstünlük qazanıb-qazanmadığını araşdırıb.

Şirkət narahatlıqları aradan qaldırmaq üçün “Ceconomy” ilə maliyyə və digər əməliyyatları bazar şərtləri əsasında aparacağını, həmçinin anbar və logistika xidmətlərinə üçüncü tərəf satıcılarının da bərabər şərtlərlə çıxışını təmin edəcəyini öhdəsinə götürüb.
“Ceconomy”nin noyabrın 3-də yaydığı açıqlamaya əsasən, bütün əsas şərtlər yerinə yetirilib və əməliyyatın yaxın günlərdə tamamlanması gözlənilir.
Mənbə: Reuters
