Belçika parlamenti ölkəni tərk etmək barədə rəsmi qərara əməl etməyən bəzi sənədsiz miqrantların yaşayış yerlərində polis tərəfindən axtarış aparılmasına imkan verən qanun layihəsini təsdiqləyib. Qərar ölkədə hüquq müdafiəçilərinin və insan haqları təşkilatlarının etirazına səbəb olub.
Bugun.tv xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, qanun noyabrın 6-da, gecəboyu davam edən müzakirələrdən sonra parlamentdə səs çoxluğu ilə qəbul edilib. Yeni qaydalar bütün sənədsiz miqrantlara deyil, sığınacaq müraciəti rədd edilmiş, ölkəni tərk etmək barədə göstərişə əməl etməyən və ictimai təhlükəsizlik üçün təhdid hesab edilən şəxslərə şamil olunacaq.
Axtarışlar yalnız hakimin razılığı ilə aparılacaq
Qanuna əsasən, polis yaşayış evində axtarış aparmaq üçün istintaq hakiminin razılığını almalıdır. Əməliyyatlar yalnız səhər saat 05:00-dan 09:00-dək miqrasiya xidməti əməkdaşlarının iştirakı ilə həyata keçirilə bilər.
Belçika hökuməti bu tədbiri ölkədən çıxarılma qərarlarının icrasını təmin etmək vasitəsi kimi əsaslandırır. Amnesty International və digər hüquq müdafiəçiləri isə şəxsi həyatın toxunulmazlığına və konstitusion hüquqlara mümkün təsirlərlə bağlı narahatlıq bildiriblər. Səsvermədən əvvəl Brüsseldə təxminən 3 min nəfər məhkəmə binasının ətrafında etiraz aksiyası keçirib.
Mənbə: Reuters
