Alimlər dişləri fırçalayarkən yaranan hərəkətdən elektrik yükü əldə edən və bu enerjidən ağız boşluğundakı zərərli bakteriyalarla mübarizədə istifadə edən yeni diş fırçası hazırlayıblar. Sınaqlar zamanı texnologiyanın diş ərpini azaltmağa və diş əti sağlamlığını yaxşılaşdırmağa kömək etdiyi müəyyən edilib.
Bugun.Tv xəbər verir ki, bu barədə “Live Science” nəşri məlumat yayıb.
Yeni fırçanın lifləri əyildikdə elektrik yükü yaradan xüsusi polimer materialdan hazırlanıb. Fırçalama zamanı yaranan yük ağız suyunda kimyəvi reaksiyalara səbəb olur. Nəticədə əmələ gələn aktiv oksigen birləşmələri bakteriyaların hüceyrə membranlarına zərər verir.
Laboratoriya sınaqlarında diş çürüməsi ilə əlaqəli Streptococcus mutans bakteriyalarının yarıdan çoxu məhv edilib. Diş əti xəstəlikləri ilə əlaqəli Porphyromonas gingivalis bakteriyalarının miqdarında isə 78 faizə qədər azalma qeydə alınıb.
115 nəfərin iştirakı ilə sınaq keçirilib
Texnologiya üç ay davam edən sınaqda 115 nəfər üzərində yoxlanılıb. Yeni fırçadan gündə iki dəfə istifadə edən iştirakçılarda adi diş fırçasından yararlananlarla müqayisədə diş ərpi, diş əti iltihabı və qanama göstəriciləri daha çox azalıb.
Bununla belə, tədqiqatçılar yeni fırçanın uzunmüddətli təhlükəsizliyini və effektivliyini təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər. Sınaqlar hələlik bu vasitənin diş çürüməsinin və diş əti xəstəliklərinin qarşısını tam aldığını sübut etmir.
Mənbə: Live Science
