Bugun.tv xəbər verir ki, Çilinin şimalında yerləşən Atakama səhrasında son 30 ilin ən geniş və rəngarəng çiçəklənmə hadisələrindən biri müşahidə olunur. Yer kürəsinin ən quraq qütbdənkənar səhralarından biri güclü yağışlardan sonra çəhrayı, sarı, bənövşəyi və yasəmən rəngli çiçəklərlə örtülüb.
Kazinform agentliyinin NPR-ə istinadən yaydığı məlumata görə, iyul və avqust aylarında yağan qeyri-adi güclü yağışlar torpağın dərin qatlarında illərlə, hətta onilliklərlə yatan toxumları, soğanaqları və bitki köklərini oyadıb.
Tədqiqatçıların məlumatına əsasən, hazırda səhrada 200-dən çox bitki növü çiçəkləyir. Bəzi ərazilərdə isə əvvəllər qeydə alınmayan çiçəkli sahələr aşkarlanıb. Bu nadir təbiət hadisəsi yerli dildə “Desierto Florido” – “Çiçəkləyən səhra” adlandırılır.
Çiçəklənmə turistlərin də böyük marağına səbəb olub. Təkcə son bir neçə həftədə Llanos de Çalle Milli Parkını 15 min turist ziyarət edib. Mütəxəssislər təbiət möcüzəsinin noyabrın ortalarınadək davam edəcəyini gözləyirlər.
Çilili alimlər nadir bitkilərin toxumlarını toplayaraq onların genetik müxtəlifliyini qorumaq üzərində də çalışırlar.
Mənbə: inform.kz
