Bugun.tv xəbər verir ki, Braziliyada yaşayan təqaüdçü təmir ustası işlənmiş plastik butulkalar və süd qablarından istifadə etməklə günəş enerjisi ilə işləyən suqızdırıcı sistemi hazırlayıb. Sadə və ucuz qurğu elektrik nasosuna ehtiyac duymadan suyu qızdıra bilir.
Ensonhaber-in məlumatına görə, Santa-Katarina ştatında yaşayan Joze Alçino Alano bu ideya üzərində 2002-ci ildə qaz xərclərinin artması və ərazidə təkrar emal imkanlarının məhdud olması səbəbindən düşünməyə başlayıb.
Onun hazırladığı sistemdə qara rəngə boyanmış süd qabları günəş şüalarını udaraq istilik toplayır. Ətrafına yerləşdirilən plastik butulkalar isə istinin saxlanmasına kömək edir. Borulardan keçən su qızdıqca yüngülləşir və təbii dövran nəticəsində çənə ötürülür. Bu üsul elektrik nasosu olmadan işləyir.
Sınaqlar zamanı sistemin xüsusilə yay aylarında suyu 52 dərəcəyədək qızdıra bildiyi müəyyən edilib.
2008-ci ilədək bu üsulla təxminən 6 min suqızdırıcı hazırlanıb. Palma şəhərində isə 1800 plastik butulkadan istifadə edilən daha böyük qurğu yaradılıb.
Alano ekoloji təşəbbüsünə görə 2004-cü ildə “Super Ecologia” mükafatına layiq görülüb. O, 2012-ci ildə sistemin hazırlanma qaydasını ictimaiyyətlə bölüşərək bu üsulun daha geniş yayılmasına şərait yaradıb.
Mənbə: EnSonHaber
