Bugun.tv xəbər verir ki, Şotlandiyada təbiətin bərpası istiqamətində həyata keçirilən layihə çərçivəsində altı qunduz Loch Ness gölü hövzəsindəki təbii yaşayış mühitinə buraxılıb. Bu barədə “The Guardian” nəşrinin noyabrın 13-də dərc etdiyi həftəlik vəhşi təbiət icmalında məlumat verilib.
Qunduzlar Dundreggan ərazisində təbiətə qaytarılıb. Layihənin növbəti mərhələsində yaxınlıqdakı su hövzələrinə daha 15 qunduz ailəsinin yerləşdirilməsi nəzərdə tutulur. Bu təşəbbüs bölgədə təbii ekosistemlərin bərpasına və biomüxtəlifliyin qorunmasına xidmət edir.

Nəşrin diqqət çəkdiyi digər məqam isə Böyük Britaniyada yaşayan fındıq yuxu siçanları ilə bağlıdır. Bu kiçik məməlilərin sayı 2000-ci ildən bəri ölkədə 59 faiz azalsa da, son illərdə müəyyən artım müşahidə olunur. Bu, növün qorunması istiqamətində ümidverici əlamət kimi qiymətləndirilir.
İcmalda həmçinin Tanzaniyada zürafələrin hərəkəti, Hindistanda quşlar və Yeni Zelandiyada qeyri-adi arı toplanmaları kimi təbiət hadisələrinə də yer verilib.
Mənbə: The Guardian
