Bugun.tv xəbər verir ki, alimlər ağac yarpaqlarının payızda sarı, narıncı və qırmızı rənglərə çevrilməsinə təsir göstərən amillərlə bağlı yeni araşdırma aparıblar. ABŞ-ın Duke Universitetinin tədqiqatçıları yarpaqlardakı qida maddələrinin payız rənglərinin yaranma vaxtına təsir etdiyini müəyyən ediblər.
Noyabrın 12-də universitetin rəsmi saytında dərc olunan məlumata görə, araşdırmada ABŞ-ın 25 meşə ərazisindən toplanmış ekoloji və peyk müşahidələri əsasında əldə edilən göstəricilər təhlil olunub.
Ağaclar payızda fotosintez üçün vacib olan yaşıl piqmenti – xlorofili istehsal etməyi dayandırdıqda yarpaqlarda digər piqmentlər görünməyə başlayır. Nəticədə yarpaqlar sarı, narıncı və qırmızı çalarlara boyanır.
Tədqiqatçılar azot, fosfor və kalium kimi elementlərin yarpaqlarda şəkərlərin daşınması və istifadəsi ilə bağlı proseslərə təsir etdiyini bildirirlər. Bu maddələrin miqdarındakı dəyişikliklər yarpaqların rəng dəyişmə vaxtını da dəyişə bilər.
Araşdırmanın nəticələri meyvə bağlarında ağacların inkişafını və yarpaqlanma dövrünü daha yaxşı idarə etmək üçün faydalı ola bilər.

Mənbə: today.duke.edu
