Bugun.tv xəbər verir ki, Hindistan kinosunun bütün zamanların ən sevilən ekran əsərlərindən biri hesab olunan “Cəsur ürək gəlini aparar” (“Dilwale Dulhania Le Jayenge” – DDLJ) filmi Bakıda nümayiş etdirilib.
Film nümayişi Hindistanın Azərbaycandakı Səfirliyi tərəfindən “Baku Evenings” adlı mədəniyyət silsiləsi çərçivəsində, “Bharat Filmotsav” proqramı daxilində təşkil olunub. Tədbirdə çoxsaylı azərbaycanlı tamaşaçılar iştirak edərək məşhur ekran əsərini yenidən izləmək imkanı əldə ediblər.
Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar tədbirə göstərilən böyük maraqdan məmnunluğunu ifadə edərək filmin zəngin irsindən danışıb. O bildirib ki, 1995-ci ildə ekranlara çıxan DDLJ romantik kino janrına yeni nəfəs gətirib. Film 2014-cü ilin dekabrında Mumbayın məşhur “Maratha Mandir” kinoteatrında ardıcıl 1000 həftə nümayiş olunmaqla kino tarixinə düşüb.
Səfirin sözlərinə görə, DDLJ sadəcə sevgi hekayəsi deyil, həm də ailə dəyərlərini, ənənələri, böyüklərə hörməti və şəxsi arzuları özündə birləşdirən zamansız ekran əsəridir. O, filmin müxtəlif nəsillərdən olan tamaşaçıların rəğbətini qazanmasını məhz bu ümumbəşəri dəyərlərlə əlaqələndirib.
Nümayiş zamanı tamaşaçılar filmin maraqlı süjetindən, unudulmaz musiqilərindən, yaddaqalan dialoqlarından və yumorundan zövq alıblar. Baş rolları ifa edən Şahrux Xan və Kacolun aktyorluğu xüsusi rəğbətlə qarşılanıb.

Tədbir çərçivəsində qonaqlara Hindistan mətbəxinin təamları da təqdim olunub.
Səfir Abhay Kumar “Baku Evenings” və “Bharat Filmotsav” təşəbbüsləri vasitəsilə Hindistanın zəngin mədəniyyətini və kino irsini Azərbaycan ictimaiyyətinə tanıtmaq, iki ölkə arasında dostluq və mədəni əlaqələri möhkəmləndirmək istiqamətində fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, film nümayişi Azərbaycan və Hindistan xalqları arasında mədəni mübadilənin və qarşılıqlı marağın gücləndirilməsinə xidmət edən tədbirlərdən biri olub.

