Bugun.tv xəbər verir ki, Avstraliyanın Milad adasında milyonlarla qırmızı quru xərçəngi illik köçünə başlayıb. Meşələrdən okean sahillərinə doğru hərəkət edən xərçənglər yolları və xüsusi hazırlanmış keçidləri qırmızı rəngə boyayaraq qeyri-adi mənzərə yaradıb.
“Euronews”un noyabrın 16-da yayımladığı görüntülərə görə, köç noyabrın 14–15-də daha intensiv xarakter alıb. Yağışlı mövsümün başlaması ilə hərəkətə keçən xərçənglər çoxalmaq və yumurtalarını okeana buraxmaq üçün sahilə doğru irəliləyirlər.
Bu təbiət hadisəsi hər il baş verir və milyonlarla xərçəngin iştirakı ilə həyata keçirilir. Onların hərəkəti yağıntıların miqdarı və Ayın dövrləri ilə əlaqəlidir. Xərçənglər yumurtalarını suya buraxmaq üçün uyğun qabarma-çəkilmə şəraitini gözləyirlər.
Avstraliya Milli Parklar İdarəsi bu miqyaslı köçə əvvəlcədən hazırlaşır. Heyvanların avtomobillərin altında qalmaması üçün yolların bir hissəsi bağlanır, xüsusi körpülər, keçidlər və istiqamətləndirici maneələr quraşdırılır.
Milad adasının qırmızı xərçənglərinin illik köçü dünyanın ən qeyri-adi təbiət hadisələrindən biri hesab olunur.
Mənbə: Euronews
