Dünyanın aparıcı maliyyə qurumlarından olan “JPMorgan Chase”, “Visa” və “Mastercard” şirkətləri kiberhücumla bağlı araşdırmaya başlayıb. İlkin məlumata görə, hücum nəticəsində bəzi müştərilərin adları, elektron poçt ünvanları və müəyyən hallarda telefon nömrələri ələ keçirilib.
Bugun.tv xəbər verir ki, şirkətlərin açıqlamalarına əsasən, hücum birbaşa bank və ödəniş sistemlərinə deyil, onlara xidmət göstərən üçüncü tərəf təchizatçılara qarşı həyata keçirilib. “JPMorgan Chase” ilkin araşdırma nəticəsində hücum edənlərin həmin şirkətlərdə saxlanılan bəzi marketinq məlumatlarına çıxış əldə etdiyini bildirib.
“Mastercard” isə məlumat sızmasının müəyyən güzəşt proqramında iştirak edən azsaylı kart sahiblərinin elektron poçt ünvanları ilə məhdudlaşdığını açıqlayıb. “Visa” da hadisənin Asiya-Sakit okean regionunda fəaliyyət göstərən xidmət təchizatçısı ilə əlaqəli olduğunu təsdiqləyib.
Kart məlumatlarının oğurlanmadığı bildirilir
Şirkətlər ödəniş kartlarının nömrələrinin və digər maliyyə məlumatlarının bu hadisə nəticəsində ələ keçirilmədiyini, ödəniş şəbəkələrinin normal fəaliyyət göstərdiyini vurğulayıblar.
Kiberhücumla bağlı məsuliyyəti “n0n” adlı haker qrupu üzərinə götürüb. Lakin bu iddia müstəqil şəkildə tam təsdiqlənməyib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, ad və elektron poçt ünvanları kimi məlumatlar belə saxta bank bildirişləri və fişinq hücumları üçün istifadə oluna bilər.
Mənbə: Reuters
