Gündəlik istifadə etdiyimiz smartfonlar ictimai nəqliyyatda, mağazalarda və insanların sıx olduğu digər məkanlarda müxtəlif mikroorqanizmlərlə çirklənə bilər. Həkimlər bildirirlər ki, telefonun çirkli səthlə təmasından sonra ona toxunan əllərin göz, burun və ağız nahiyəsinə yaxınlaşdırılması bəzi infeksiyaların ötürülməsi riskini yaradır.
Bugun.tv xəbər verir ki, bu barədə “RİA Novosti” noyabrın 19-da həkim-terapevt və peşə xəstəlikləri üzrə mütəxəssis Svetlana Burnatskayanın açıqlamasına istinadən məlumat yayıb. Həkim bu barədə “Gazeta.Ru”ya danışıb.
Onun sözlərinə görə, telefonlar ən çox ictimai nəqliyyatda, mağazalarda, liftlərdə, qapı tutacaqları və məhəccərlərlə təmasdan sonra çirklənir. Mikroorqanizmlər şüşə, metal və plastik səthlərdə bir neçə saatdan bir neçə günədək, bəzən isə daha uzun müddət qala bilər.
Telefonu necə təmizləmək lazımdır?
Həkim telefonu hər toxunuşdan sonra dezinfeksiya etməyə ehtiyac olmadığını, lakin ictimai yerlərdən qayıtdıqdan və xəstə insanlarla təmasdan sonra təmizlənməsinin faydalı olduğunu bildirib. Bunun üçün yumşaq mikrofiber parça və istehsalçının icazə verdiyi vasitələrdən istifadə etmək tövsiyə olunur.
Bəzi telefon modellərində 70 faizlik izopropil spirti tərkibli salfetlərdən istifadə mümkündür. Lakin mayeni telefonun girişlərinə tökmək, birbaşa ekrana püskürtmək və sərt məişət kimyəvi vasitələrindən istifadə etmək olmaz.
Burnatskaya vurğulayıb ki, əlləri yumaq infeksiyalardan qorunmada telefonun davamlı dezinfeksiyasından daha vacibdir.
Mənbə: ria.ru
