Hörmüz boğazının şərq hissəsində iki neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verdiyi və gəmilərin alovlandığı bildirilir. Hadisə ilə bağlı məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri yayıb.
Bugun.tv xəbər verir ki, İran tərəfinin açıqlamasına görə, hadisə səhər saatlarında Hörmüz boğazında hərəkət edən iki neft tankerinin dəniz minalarına düşməsi nəticəsində baş verib. Bildirilib ki, gəmilər İranın “saxta və icazəsiz” hesab etdiyi marşrutla hərəkət edərkən partlayış baş verib və tankerlər alovlanıb.
İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri izləmə və naviqasiya sistemləri söndürülmüş gəmilərin heyətinə xəbərdarlıq edib. Açıqlamada ekipajlara ABŞ-ın məlumatlarına inanmamaq və gəmilərinin dəniz minalarının yerləşdirildiyi ərazilərə yönəlməsinə imkan verməmək çağırışı edilib.
Hörmüz boğazı dünya enerji daşımaları baxımından strateji əhəmiyyətə malik dəniz marşrutlarından biridir. Buna görə də bölgədə baş verən hər hansı təhlükəsizlik insidenti beynəlxalq gəmiçilik və neft tədarükü ilə bağlı narahatlıqları artırır.
Qeyd edək ki, tankerlərin hansı ölkəyə məxsus olduğu, ekipaj üzvlərinin vəziyyəti və hadisənin müstəqil mənbələr tərəfindən təsdiqlənməsi barədə təqdim olunan məlumatda əlavə açıqlama verilməyib.
Mənbə: TRT Haber
