Çinin “Şençjou-24” kosmik gəmisi üç nəfərlik heyətlə uğurla orbitə buraxılıb. Heyətdə Pakistan vətəndaşının da yer alması ölkənin kosmik tədqiqatlar tarixində mühüm hadisə hesab olunur. O, Çinin “Tyanqun” kosmik stansiyasına gedən ilk əcnəbi astronavt olacaq.
Bugun.tv xəbər verir ki, kosmik gəmi noyabrın 25-də yerli vaxtla saat 08:18-də Çinin şimal-qərbində yerləşən Tsyüsyüan peyk buraxılış mərkəzindən “Uzun Yürüş-2F” daşıyıcı raketi vasitəsilə kosmosa göndərilib.
Missiyanın iştirakçılarından biri 40 yaşlı Məhəmməd Zeşan Əlidir. Pakistan Hərbi Hava Qüvvələrinin keçmiş pilotu olan Əli uçuş zamanı faydalı yük üzrə mütəxəssis kimi fəaliyyət göstərəcək. Onun kosmik stansiyada 5–10 gün qalaraq müxtəlif təcrübələr aparması planlaşdırılır.
Heyətdə Çin komandiri Tan Honqbo və bort mühəndisi U Yi də yer alıb.
Məlumata görə, Əli uçuşa hazırlaşmaq üçün Pekində yeddi ay təlim keçib. Bu müddətdə Çin dilini öyrənib, həmçinin kosmik uçuşun texniki və praktiki hazırlıq mərhələlərindən keçib.
Bu missiya Çin və Pakistan arasında kosmik sahədə əməkdaşlığın genişlənməsi baxımından da əhəmiyyət daşıyır.
Mənbə: Reuters
