Avstraliya sahillərində, okeanın 4–5 kilometr dərinliyində indiyədək elmə məlum olmayan qeyri-adi dəniz canlısı aşkarlanıb. Yeni ikitaylı molyusk növü başqa bir canlının bədənində deyil, birbaşa dəniz kirpisinin qida borusunun daxilində yaşayır.
Bugun.tv xəbər verir ki, vaticinaria gulicola adlandırılan yeni növ Avstraliyanın Böyük Avstraliya körfəzinin dərinliklərində aparılan genişmiqyaslı dəniz tədqiqatı zamanı müəyyən edilib. Alimlər onun Carnarechinus clypeatus adlı dəniz kirpisi növünün qida borusunda məskunlaşdığını DNT analizləri vasitəsilə təsdiqləyiblər.
Tədqiqatçılar bildirirlər ki, bu cür yaşayış forması dəniz canlıları arasında olduqca nadir rast gəlinir. Molyuskların əksəriyyəti digər dəniz canlılarının bədəninin xarici səthinə yapışaraq yaşayır. Yeni aşkar edilmiş növ isə ev sahibi canlının qida borusunun daxilində məskunlaşan ilk məlum molyusk növü hesab olunur.
Alimlər onun necə qidalandığını hələ bilmirlər
Molyuskun uzunluğu 19 millimetrə qədər çatır. Tədqiqatçılar onun dəniz kirpisinin qəbul etdiyi, qida maddələri ilə zəngin çöküntülərlə qidalana biləcəyini ehtimal edirlər. Lakin bu fərziyyə hələ eksperimental şəkildə təsdiqlənməyib.
Həmçinin maraqlıdır ki, alimlər bu qeyri-adi canlıya aid nümunələrin 1872–1878-cı illərdə keçirilmiş “Challenger” ekspedisiyasının kolleksiyasında da olduğunu müəyyən ediblər. Həmin nümunələr təxminən 150 il ərzində diqqətdən kənarda qalıb.
Qeyd edək ki, araşdırmanın nəticələri “ZooKeys” elmi jurnalında dərc olunub.
Mənbə: ScienceDaily
