Böyük Britaniya Müdafiə Nazirliyi Soyuq müharibə dövründən bəri ilk dəfə ölkənin strateji ehtiyatında olan təxminən 100 min keçmiş hərbçiyə müraciət edib.
Bugun.tv xəbər verir ki, bu barədə “The Telegraph” nəşrinin məlumatına istinadən Mail.ru yazıb.
Məlumata görə, məktublar quru qoşunlarında, Hərbi Dəniz Qüvvələrində və Kral Hərbi Hava Qüvvələrində xidmət etmiş şəxslərə göndərilib. Onlardan əlaqə məlumatlarını yeniləmək, hazırkı iş yerləri, peşə bacarıqları və xidmət başa çatdıqdan sonra qazandıqları təcrübə barədə məlumat vermək istənilib.
Keçmiş hərbçilərə, həmçinin könüllü şəkildə hərbi hazırlıq məşqlərində və NATO-nun 2027-ci ilin yazında keçirilməsi planlaşdırılan “Steadfast Defender” təlimində iştirak etmək təklif olunub.
Britaniyanın müdafiə naziri Ues Stritinq bu addımın ölkənin təhlükəsizliyini gücləndirmək və mümkün böhranlara hazırlığı artırmaq məqsədi daşıdığını bildirib. O, məktubların göndərilməsinin yaxın zamanda səfərbərlik elan ediləcəyi anlamına gəlmədiyini vurğulayıb.
Veteranlar məsələləri üzrə nazir Kalvin Beyli də strateji ehtiyatda olanların əksəriyyətinin yenidən hərbi xidmətə çağırılmayacağını qeyd edib. Bununla belə, zərurət yaranarsa, onların hərbi təcrübəsi və mülki sahədə qazandıqları bacarıqlar ölkənin müdafiəsində istifadə oluna bilər.
Mənbə: mail.ru
