Rusiya ilə Ukrayna arasında davam edən müharibənin dayandırılması istiqamətində diplomatik müzakirələr fonunda Moskva Avropa İttifaqının Kiyevə maliyyə yardımını davam etdirmək niyyətini tənqid edib. Kreml hesab edir ki, bu addım münaqişənin həllini çətinləşdirə bilər.
Bugun.tv xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərini “Ensonhaber” nəşri yayıb.
Peskovun fikrincə, Avropa İttifaqının Ukraynaya ayırdığı vəsait sülhə deyil, müharibənin davam etdirilməsinə xidmət edir. O bildirib ki, Fransa, İtaliya və Almaniya vətəndaşlarının iqtisadi maraqları da bu siyasətdən təsirlənə bilər.
Kremlin sözçüsü Ukrayna rəhbərliyini münaqişənin coğrafiyasını genişləndirməyə çalışmaqda ittiham edib. Onun iddiasına görə, Kiyev Aralıq və Baltik dənizlərində təhlükəli fəaliyyətlər həyata keçirir. Bu açıqlamalarla bağlı Peskov konkret sübut təqdim etməyib.
O, həmçinin Vladimir Putinlə Donald Tramp arasındakı münasibətləri işgüzar, praqmatik və dostyana adlandırıb.
Əsir mübadiləsi ilə bağlı hazırlıq davam edir
Peskovun sözlərinə görə, Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda genişmiqyaslı əsir mübadiləsi ilə bağlı razılıq əldə olunub. Hazırda bunun həyata keçirilməsi üçün hazırlıq işləri aparılır.
Kremlin sözçüsü Putinin dekabrda Mayamidə keçiriləcək G20 Liderlər Zirvəsində iştirak edib-etməyəcəyi barədə hələ qərar vermədiyini də bildirib.
Mənbə: Ensonhaber
