Beyni və sinir sistemi olmayan mikroskopik orqanizm mürəkkəb labirintlərdə ən qısa yolu tapa bilir. Alimlər bu qeyri-adi qabiliyyətin arxasında dayanan mexanizmi araşdıraraq maraqlı nəticəyə gəliblər.
Bugun.tv xəbər verir ki, “Наука Mail” nəşrinin məlumatına görə, söhbət Physarum polycephalum adlı selikli kif növündən gedir. Bu orqanizm zahirən sarı rəngli, budaqlanan selik şəbəkəsinə bənzəyir. O, bitki, heyvan və ya adi göbələk deyil, çoxnüvəli tək hüceyrəli orqanizmdir.
2000-ci ildə aparılan məşhur təcrübədə alimlər bu orqanizmi labirintə yerləşdirərək müxtəlif nöqtələrdə qida mənbələri qoyublar. Bir müddət sonra selikli kif çıxılmaz yollardan çəkilib və qida mənbələrini birləşdirən ən qısa marşrutu saxlayıb.
İspaniyanın Pompeu Fabra Universitetindən Rikard Sole və Xordi Pla-Mauri bu davranışı izah etmək üçün riyazi model hazırlayıblar. Onların araşdırmasına görə, orqanizmin boruşəkilli kanallarında maye hərəkət edir. Mayenin daha çox axdığı kanallar genişlənir, az istifadə olunanlar isə tədricən daralaraq yox olur.
Beləliklə, sistem artıq enerji sərf etməmək üçün daha səmərəli marşrutu saxlayır. Tədqiqatçılar bu prosesi zəka ilə deyil, fiziki qanunlar və enerji qənaəti ilə izah edirlər.
Bununla belə, model orqanizmin yeni ərazini necə araşdırdığını və qidanı necə tapdığını tam açıqlamır. Araşdırmanın nəticələri Journal of the Royal Society Interface jurnalında dərc olunub.
Mənbə: Наука Mail
