Baş xəbər

Məleykə Abbaszadə BDU-da ilk həftəsinin yekunlarını açıqladı: C bloku ilə bağlı işçi qrupu yaradılıb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə yeni vəzifəsində fəaliyyətinin ilk həftəsində həyata keçirdiyi işlər, universitetin gələcək inkişafı ilə bağlı hədəfləri və tələbələrin müraciətlərinə münasibəti barədə açıqlama verib.

Bugun.tv xəbər verir ki, rektor bu barədə özünün sosial media hesabında paylaşım edib.

Məleykə Abbaszadə bildirib ki, ilk iş həftəsində universitetin inzibati və akademik heyəti ilə tanış olub, prorektorlar və dekanlarla ümumi görüş keçirib. Görüş zamanı BDU-nun gələcəyi, universitetin nüfuzunun qorunması və inkişaf etdirilməsi istiqamətində hər kəsin üzərinə düşən məsuliyyət müzakirə olunub.

Rektorun sözlərinə görə, universitetin nüfuzu yalnız tarixi irslə deyil, təhsilin keyfiyyəti, elmi tədqiqatların nəticələri, akademik dürüstlük və məzunların uğurları ilə də təsdiqlənməlidir.

O, tələbələrin müstəqil düşünməsinə, suallar verməsinə, elmi axtarışlar aparmasına və tədqiqatlarda iştirakına imkan yaradılmasının vacibliyini vurğulayıb. Məleykə Abbaszadə müəllimlərin tələbkarlığı ilə yanaşı, tələbələrə hörmət və qayğı göstərməsinin də təhsil prosesində mühüm rol oynadığını qeyd edib.

Fakültələrin fəaliyyəti təhlil ediləcək

Məleykə Abbaszadə hər bir dekanı rəhbərlik etdiyi fakültənin akademik lideri kimi gördüyünü bildirib. Onun fikrincə, fakültələrdə təhsilin keyfiyyəti, elmi tədqiqatların vəziyyəti, müəllimlərin və gənc alimlərin inkişaf imkanları, eləcə də beynəlxalq akademik əlaqələr diqqət mərkəzində olmalıdır.

Rektor yaxın müddətdə bütün fakültələrin vəziyyəti, mövcud problemləri, kadr və elmi potensialı barədə ətraflı məlumat əldə etmək niyyətində olduğunu açıqlayıb. Bu məqsədlə həmkarlarından dürüst və peşəkar təhlil gözlədiyini bildirib.

Tələbələrin C bloku ilə bağlı müraciəti nəzarətə götürülüb

Paylaşımda tələbələrin müraciətlərinə də xüsusi yer ayrılıb. Məleykə Abbaszadə qeyd edib ki, bu həftə tələbələr universitetin C bloku ilə bağlı sosial şəbəkələrdə müraciət ediblər.

Rektor məsələni nəzarətə götürdüyünü və bununla bağlı işçi qrupu ayırdığını bildirib. İşçi qrupu əraziyə baxış keçirəcək, araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Məleykə Abbaszadə problemi diqqətinə çatdıran tələbələrə təşəkkür edərək onların universitet həyatında daha fəal iştirakının və qarşılaşdıqları çətinlikləri rəhbərliyə açıq şəkildə bildirməsinin vacibliyini vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat etdi

Aynur Camal

Araşdırma: təbii qoxu daha cəlbedici ola bilər

Aynur Camal

BBC-nin məşhur uşaq proqramları Netflix-də yayımlanacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu