Romantik münasibətlərdə insanların bir-birinə bağlılığında təkcə xarici görünüş və xarakter deyil, təbii bədən qoxusu da müəyyən rol oynaya bilər. Yeni araşdırma göstərib ki, tərəfdaşının özünəməxsus qoxusunu xoş hesab edən insanlar onun yanında daha çox rahatlıq və emosional yaxınlıq hiss edə bilirlər.
Bugun.tv xəbər verir ki, araşdırmada 206 nəfər iştirak edib. Onlardan bir qismi tərəfdaşlarının geyindiyi köynəkləri iyləyərək qoxunu qiymətləndirib. Nəticələr göstərib ki, tərəfdaşın təbii qoxusunun xoş qəbul edilməsi emosional təhlükəsizlik və cinsi yaxınlıq hissi ilə əlaqəlidir. Bu əlaqənin uzunmüddətli münasibətlərdə daha güclü olduğu müşahidə edilib.
Bununla belə, alimlər bildirirlər ki, münasibətin keyfiyyətini müəyyən edən yeganə amil qoxu deyil. Tərəfdaşın xarakteri və xarici görünüşü də münasibətdən məmnunluqda mühüm rol oynayır.
Tədqiqatçılar vurğulayırlar ki, nəticələr ilkin xarakter daşıyır və qoxunun münasibətləri birbaşa yaxşılaşdırdığını sübut etmir. Mövzu ilə bağlı əlavə araşdırmalara ehtiyac var.
Mənbə: The Guardian
