Çilinin İqtisadi Rəqabət üzrə Milli Prokurorluğu Apple şirkətini iOS əməliyyat sistemi üzərindən tətbiq və rəqəmsal məhsulların satışında rəqabəti məhdudlaşdırmaqda ittiham edib.
Bugun.tv xəbər verir ki, qurum şirkətə qarşı ölkənin Rəqabətin Müdafiəsi Məhkəməsinə müraciət edərək 80 milyon dollardan artıq cərimə və bir sıra dəyişikliklərin tətbiqini tələb edib.
Araşdırmada Apple-ın iPhone istifadəçilərinin tətbiqləri yalnız App Store vasitəsilə yükləməsinə şərait yaratdığı, alternativ tətbiq mağazalarına və kənar ödəniş sistemlərinə məhdudiyyətlər qoyduğu bildirilib.
Prokurorluq şirkətin tətbiqdaxili alışlarda öz ödəniş sistemindən istifadəni məcburi etdiyini, eləcə də proqram hazırlayan şirkətlərin istifadəçiləri alternativ ödəniş üsullarına yönləndirməsinə mane olduğunu iddia edir.
Qurum Apple-dan üçüncü tərəf tətbiq mağazalarının istifadəsinə, alternativ ödəniş sistemlərinə və qiymət məlumatlarının sərbəst paylaşılmasına imkan yaradılmasını istəyir.
Tələblərin qəbul edilib-edilməyəcəyinə məhkəmə qərar verəcək. Apple-a qarşı irəli sürülən iddialar hələ məhkəmə tərəfindən təsdiqlənməyib.
Mənbə: fne.gob.cl
