Azərbaycan Texniki Universitetinin (AzTU) II kurs tələbəsi, “SoilMate” layihəsinin rəhbəri Yağmur Məmmədov kənd təsərrüfatında torpaq analizini daha əlçatan, operativ və texnoloji etmək məqsədilə innovativ robototexnika layihəsi üzərində çalışır.
Bugun.tv xəbər verir ki, “SoilMate” layihəsi kənd təsərrüfatında torpağın vəziyyətini müasir texnologiyaların köməyi ilə müəyyənləşdirmək və fermerlərin düzgün aqrotexniki qərarlar qəbul etməsinə dəstək olmaq məqsədi daşıyır.
Layihənin təqdimatında iştirak edən İsmayıl Baba bildirib ki, ideya kənd təsərrüfatında torpaq haqqında dəqiq və vaxtında məlumat əldə etməyin vacibliyindən irəli gəlib. Onun sözlərinə görə, ənənəvi torpaq analizləri əsasən laboratoriya şəraitində aparıldığı üçün müəyyən vaxt və əlavə maliyyə tələb edir. “SoilMate” isə bu prosesi daha operativ və əlçatan etməyə yönəlib.
Layihə çərçivəsində torpaq səthində hərəkət edə bilən, xüsusi sensorlarla təchiz olunmuş mobil robot platforması hazırlanır. Robot torpağın nəmliyini, temperaturunu, pH səviyyəsini, elektrik keçiriciliyini (EC), həmçinin əsas qida elementləri olan azot, fosfor və kaliumun (NPK) göstəricilərini ölçmək üçün nəzərdə tutulub.
Toplanan məlumatlar rəqəmsal platformaya ötürülərək emal olunur və fermerlərə anlaşılan formada təqdim edilir. Beləliklə, istifadəçilər torpağın vəziyyətini izləyə, göstəricilərdəki dəyişiklikləri müqayisə edə və nəticələr əsasında daha düzgün qərarlar qəbul edə biləcəklər.
Layihə rəhbəri Yağmur Məmmədov bildirib ki, “SoilMate”in əsas məqsədi yalnız torpaq göstəricilərini ölçmək deyil, əldə olunan məlumatları fermerlər üçün praktik faydaya çevirməkdir. O qeyd edib ki, gələcəkdə layihənin süni intellekt imkanları ilə təkmilləşdirilməsi, toplanan məlumatlar əsasında torpaq vəziyyətinin daha dərindən təhlili və fermerlərə fərdi tövsiyələrin hazırlanması nəzərdə tutulur.
Yağmur Məmmədovun sözlərinə görə, robotun həm avtonom, həm də manual idarəetmə imkanlarının olması layihənin mühüm üstünlüklərindəndir. Bu xüsusiyyət sistemin müxtəlif ərazi və istifadə şəraitlərinə uyğunlaşmasına şərait yaradacaq.
İsmayıl Baba müsahibəsində layihənin artıq bir sıra tədbirlərdə təqdim olunduğunu da diqqətə çatdırıb. Belə ki, “SoilMate” Caspian Agro Week sərgisində nümayiş etdirilib, həmçinin müxtəlif sərgilərdə, bootcamplarda və innovasiya yönümlü tədbirlərdə iştirak edib. Bu təqdimatlar layihənin tanıdılması, mütəxəssislərlə fikir mübadiləsi aparılması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli təcrübə qazandırıb.
Hazırda komandanın əsas diqqəti layihənin texniki imkanlarının təkmilləşdirilməsinə və real kənd təsərrüfatı şəraitində tətbiq oluna biləcək sistemə çevrilməsinə yönəlib.
Yağmur Məmmədov vurğulayıb ki, “SoilMate” sadəcə robototexnika layihəsi deyil, mühəndislik, süni intellekt və kənd təsərrüfatını bir araya gətirən texnoloji təşəbbüsdür. Əsas hədəfləri yerli şəraitə uyğun, fermerlərin rahatlıqla istifadə edə biləcəyi və gələcəkdə daha geniş miqyasda tətbiq olunacaq ağıllı torpaq analiz sistemi yaratmaqdır.
Bugun.tv olaraq gənc mühəndislərin innovativ təşəbbüslərini dəstəkləyir, Yağmur Məmmədova və layihə komandasına uğurlar arzulayırıq.

