ABŞ administrasiyası qabaqcıl Amerika süni intellekt çiplərinə və hesablama serverlərinə xarici ölkələrdəki məlumat mərkəzləri vasitəsilə dolayı çıxışın qarşısını almaq üçün yeni ixrac nəzarəti qaydaları tətbiq edib.
Bugun.tv xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Yeni qaydalar ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu tərəfindən təsdiqlənib və dərhal qüvvəyə minib. Qərara əsasən, Çin, Rusiya, İran və Kuba kimi ölkələrdəki şirkətlərə xidmət göstərən xarici məlumat mərkəzlərindən son istifadəçilərin kimliyini müəyyənləşdirmək tələb olunur.
Bundan əlavə, İndoneziya, Malayziya, Sinqapur, Tailand və Braziliyaya çip satışları üçün əlavə lisenziya tələbləri müəyyən edilib. Vaşinqton bu ölkələri qabaqcıl texnologiyaların icazəsiz istiqamətlərə yönləndirilməsi baxımından daha yüksək riskli marşrutlar hesab edir.
ABŞ tərəfi yeni məhdudiyyətlərin məqsədinin ölkənin texnologiya sahəsindəki ixrac qadağalarının bulud hesablama xidmətləri vasitəsilə yan keçilməsinin qarşısını almaq olduğunu bildirir. Belə xidmətlər xarici şirkətlərə ABŞ istehsalı olan güclü çiplərdən fiziki olaraq onları əldə etmədən istifadə etmək imkanı yarada bilər.
Çin Xarici İşlər Nazirliyi isə Vaşinqtonun qərarını iqtisadi təzyiq və texnoloji əməkdaşlığa müdaxilə kimi qiymətləndirib. Pekin öz maraqlarını qorumaq üçün zəruri tədbirlər görəcəyini açıqlayıb.
Mənbə: AP News
