ABŞ-da heyvandarlığa ciddi ziyan vuran ət yeyən parazitlə mübarizə məqsədilə genetik dəyişdirilmiş milçəklərin ilk açıq hava sınaqlarına başlanılır. Layihə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilir və əvvəlcə Panamada qorunan açıq sahələrdə sınaqdan keçiriləcək.
Mütəxəssislərin hazırladığı NovoFly adlı genetik dəyişdirilmiş milçəklər yalnız steril erkəklər yetişdirəcək. Onlar təbiətdə vəhşi dişilərlə cütləşdikdə nəsil verməyəcək və nəticədə təhlükəli parazitin populyasiyası tədricən azalacaq. Bu üsul hazırda istifadə olunan steril həşərat texnologiyasının daha səmərəli variantı hesab olunur.
Layihənin əsas hədəfi mal-qara, vəhşi heyvanlar və nadir hallarda insanlarda canlı toxumalarla qidalanan Yeni Dünya vintqurdu (New World screwworm) parazitinin yayılmasının qarşısını almaqdır. ABŞ-da bu parazitin son aylarda yenidən aşkarlanması kənd təsərrüfatı sektoru üçün ciddi narahatlıq yaradıb.
Sınaqlar uğurlu olarsa, gələcəkdə genetik dəyişdirilmiş steril milçəklərin kütləvi istehsalına başlanılması və onların ABŞ-da, xüsusilə Texas ştatında tətbiqi planlaşdırılır.
Mənbə: Reuters

