Bugun.tv xəbər verir ki, ABŞ-da məktəblərdə silahlı hücumların qarşısını almaq və polis qüvvələrinin hadisə yerinə daha sürətli müdaxiləsinə imkan yaratmaq üçün xüsusi dron sistemlərindən istifadə edilməyə başlanılıb.
CNN-in 24 avqust tarixli məlumatına görə, bu dronlar fövqəladə vəziyyət zamanı uzaqdan işə salınır və məktəbin dəhlizlərində hərəkət edərək təhlükəni aşkar etməyə çalışır. Üzərindəki kameralar vasitəsilə hadisə yerinin görüntüləri real vaxt rejimində hüquq-mühafizə orqanlarına ötürülür.
Sistemi hazırlayan “Campus Guardian Angel” şirkətinin məlumatına görə, dronlar pəncərələrdən daxil ola, sinif otaqlarının vəziyyətini yoxlaya və məktəb əməkdaşları və polis ilə səsli əlaqə yarada bilir. Dronların potensial hücumçunun diqqətini yayındırması və onun hərəkət imkanlarını məhdudlaşdırması da nəzərdə tutulur.
CNN bildirir ki, bu texnologiyadan hazırda Floridada üç dairədə və Corciyada beş məktəbdə istifadə olunur. Avqust ayında sistem ilk dəfə Koloradoda tətbiq edilməyə başlayıb. Texasdakı bəzi məktəb dairələri də bu texnologiyaya maraq göstərir.

Bununla yanaşı, mütəxəssislər məktəblərin təhlükəsizliyinin yalnız texnologiya hesabına təmin edilə bilməyəcəyini vurğulayırlar. CNN-in məlumatına görə, dron sistemi hələ ilkin mərhələdədir və indiyədək real məktəb hücumu zamanı sınaqdan keçirilməyib.
Mənbə: CNN
