Bugun.tv xəbər verir ki, ABŞ-a məxsus hərbi-nəqliyyat təyyarəsi bu gün Moskvanın Vnukovo hava limanına enib.
Reuters-in məlumatına görə, Boeing C-17 Globemaster III tipli təyyarə Latviyanın paytaxtı Riqadan birbaşa Moskvaya uçub. Uçuşun marşrutu və təyyarənin Moskvaya çatması Flightradar24 məlumatları əsasında izlənilib. Təyyarənin ABŞ qeydiyyat nömrəsi 07-7181 olub.
Təyyarənin göyərtəsində sərnişin, yoxsa yük olduğu barədə isə məlumat açıqlanmayıb. Hadisənin məqsədi də hələlik məlum deyil.
Kremlin sözçüsü Dmitri Peskov Reuters-ə açıqlamasında ABŞ hərbi təyyarəsinin Moskvaya gəlişi barədə məlumatlarının olmadığını bildirib. ABŞ tərəfi də təyyarənin səfərinin məqsədi ilə bağlı açıqlama verməyib.
Reuters qeyd edir ki, bu, yanvar ayından bəri ABŞ qeydiyyatlı təyyarənin Avropadan Rusiyaya məlum olan ilk birbaşa uçuşudur. Yanvarda ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Jared Kuşner Ukrayna müharibəsi ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya getmişdilər.
ABŞ və Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı danışıqların hazırda dayanması fonunda hərbi-nəqliyyat təyyarəsinin Moskvaya enməsi diqqət çəkib. Lakin onun səfərinin konkret məqsədi barədə rəsmi məlumat hələlik yoxdur.
Mənbə: Reuters
