ABŞ ilk dəfə döyüş əməliyyatında pilotsuz dəniz aparatlarından (USV) istifadə edib.
Bugun.tv xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Bəndər-Abbas Hərbi Dəniz Bazasında yerləşən sualtı qayıq və gəmi təmiri obyektinə üç ədəd “Corsair” dəniz dronu ilə zərbə endirildiyini təsdiqləyib.
CENTCOM-un məlumatına görə, əməliyyatın məqsədi İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum imkanlarını zəiflətmək olub. Bu hadisə ABŞ-ın pilotsuz yerüstü gəmilərdən ilk dəfə birbaşa döyüş məqsədilə istifadə etməsi kimi qiymətləndirilir.
“Corsair” ABŞ-ın Texas ştatında fəaliyyət göstərən “Saronic” şirkəti tərəfindən hazırlanıb. Təxminən 7,3 metr uzunluğa malik olan pilotsuz gəmi 1000 dəniz milindən artıq məsafə qət edə, 35 uzeldən çox sürətlə hərəkət edə və müxtəlif növ hərbi yüklər daşıya bilir. Aparat kəşfiyyat, logistika, obyektlərin mühafizəsi və zərbə əməliyyatları üçün nəzərdə tutulub.
Mütəxəssislər hesab edirlər ki, bu hadisə dəniz müharibəsində yeni mərhələnin başlanğıcıdır. Onların fikrincə, ekipaj tələb etməyən və nisbətən aşağı xərclə istehsal olunan belə sistemlər gələcəkdə ənənəvi döyüş gəmilərinin bir hissəsini əvəz edə bilər.
Qeyd olunur ki, pilotsuz dəniz aparatları son illərdə Rusiya–Ukrayna müharibəsində və Yaxın Şərqdə geniş istifadə olunmağa başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələri isə bu texnologiyanı döyüş əməliyyatlarına inteqrasiya etməklə muxtar dəniz sistemlərinin rolunu daha da artırmağı hədəfləyir.
Mənbə: Anadolu Agentliyi
