Bugun.tv xəbər verir ki, ABŞ və İran arasında davam edən hərbi qarşıdurma regionda yeni ölkələri də əhatə etməyə başlayıb. Misir rəsmiləri Qırmızı dəniz sahilində yerləşən limanlardan birində baş verən yanğının pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində baş verdiyini təsdiqləyiblər. Bu, hazırkı böhran dövründə Misir infrastrukturunun ilk dəfə hücuma məruz qalması kimi qiymətləndirilir.
Eyni zamanda, ABŞ ordusu İrana qarşı yeni genişmiqyaslı hava zərbələri endirib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, əməliyyat İranın ABŞ hərbi mövqelərinə hücum cəhdinə cavab olaraq həyata keçirilib. İran dövlət mediası Bəndər-Abbas, Kiş və Qeşm adasında güclü partlayışların baş verdiyini bildirib.
Bunun ardınca İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bağlı qalacağını və ABŞ-ın bölgədəki fəaliyyətinə cavab veriləcəyini bəyan edib. Rəsmi Tehran “təcavüzkarın cəzalandırılacağını” vurğulayıb.
Bu arada, Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi təxminən üç həftəlik fasilədən sonra ilk dəfə Hörmüz boğazından keçə bilib. İran dövlət televiziyası gəminin boğazdan keçid zamanı ölkənin müəyyən etdiyi qaydalara əməl etdiyini açıqlayıb.
Mütəxəssislər bildirirlər ki, dünya LNG ixracının təxminən 20 faizini təmin edən Qətərin daşımalarında yaranan hər hansı fasilə Avropa və Asiyada enerji bazarına ciddi təsir göstərə bilər. Hörmüz boğazındakı gərginlik fonunda neft və gübrə qiymətlərində artım müşahidə olunur, Avropada isə qış aylarında mayeləşdirilmiş qaz çatışmazlığı ilə bağlı narahatlıqlar güclənir.
Mənbə: CNN
