ABŞ-ın Ukraynadakı səfirliyi Kiyevin mərkəzində yeraltı konfrans zalında seminar təşkil etmək üçün podratçı axtarır.
Məlumat ABŞ hökumət sənədlərində yer alıb.
Bildirilib ki, tədbir 31 mart – 3 aprel 2026-cı il tarixlərində keçirilməlidir və 50 nəfər üçün nəzərdə tutulub. Seminarın hava həyəcanı zamanı da davam etdirilə bilməsi üçün yeraltı zalda təşkili tələb olunur. Məkan şəhərin mərkəzində yerləşən 4 və ya 5 ulduzlu otel və ya konfrans mərkəzi olmalı, metro stansiyasına piyada maksimum 10 dəqiqəlik məsafədə yerləşməlidir.
Tender şərtlərinə əsasən, podratçı sinxron tərcümə avadanlığı da daxil olmaqla texniki təminatı təşkil etməli, hər gün kofe fasilələri və “açıq süfrə” formatında nahar xidməti göstərməli, zala mineral su təqdim etməlidir.
Bundan əlavə, 25 iştirakçı üçün səhər yeməyi daxil olmaqla 4 gecəlik tək nəfərlik otaqlarda yerləşmə təmin olunmalıdır. Bir gecəlik yaşayış haqqı 243 ABŞ dollarını keçməməlidir. Müraciətlər 12 mart tarixinədək qəbul ediləcək. Müqavilənin ən aşağı qiymət təklif edən şirkətlə bağlanacağı planlaşdırılır.
Qərb mediası daha əvvəllər də xəbər vermişdi ki, Avropa İttifaqı ölkələrinin səfirləri də iclasları, o cümlədən dinləmədən qorunan bunkerlərdə keçirməyə üstünlük verirlər.
Mənbə: mail.ru
