Bugun.Tv xəbər verir ki, ABŞ Myanmada sülh danışıqlarından ölkədəki nadir torpaq elementləri yataqlarına çıxış imkanlarını genişləndirmək və Asiyada təsirini artırmaq üçün istifadə etməyi planlaşdırır.
“Reuters”in məlumatına görə, bu məqsədlər ABŞ Dövlət Departamentinin Myanma üzrə hazırladığı strategiya sənədində əksini tapıb. Sənəddə 2030-cu ilədək davamlı sülh razılaşmasına yol aça biləcək atəşkəsə nail olmaq hədəfi göstərilir.
Vaşinqtonun yanaşmasına əsasən, münaqişə tərəflərinin iştirakı ilə ən azı üç geniştərkibli müzakirə platforması yaradılmalı, ölkədə idarəçilik və ərazi məsələləri üzrə razılaşmaların əldə olunmasına çalışılmalıdır. Bu prosesin nadir torpaq elementləri ehtiyatlarına çıxış üçün də imkan yaradacağı bildirilir. Hazırda həmin ehtiyatların böyük hissəsi Çinə ixrac olunur.
Myanmada 2021-ci il hərbi çevrilişindən sonra başlayan vətəndaş müharibəsi davam edir. BMT-nin hesablamalarına görə, münaqişə nəticəsində təxminən 100 min insan həlak olub, 3,5 milyondan çox insan evindən didərgin düşüb.
ABŞ strategiyasında onlayn dələduzluq mərkəzlərinə qarşı mübarizə və Amerika şirkətləri üçün investisiya imkanlarının yaradılması da prioritetlər sırasında göstərilir.
Mənbə: Reuters
