ABŞ ordusunun Ayova ştatında saxlanılan 4,4 ton qurğuşun azid maddəsini nəzarətli partlayışlarla məhv etmək planı ekoloji təşkilatların və yerli sakinlərin etirazına səbəb olub. Təşkilatlar əməliyyat nəticəsində havaya yayıla biləcək qurğuşun tozunun insan sağlamlığı və ətraf mühit üçün təhlükə yaradacağından narahatdırlar.
Bugun.tv xəbər verir ki, Ayova ştatındakı hərbi sursat zavodunda 68 çəlləkdə saxlanılan partlayıcı maddə uzun müddət ərzində təhlükəli vəziyyətə düşüb. ABŞ ordusu çəlləklərdəki mayenin buxarlanması nəticəsində maddənin kristallaşdığını və zərbə, yaxud temperatur dəyişikliyi zamanı öz-özünə partlaya biləcəyini bildirir.
Hərbi qurum nəzarətli partlayışın gözlənilməz partlayışdan daha təhlükəsiz olduğunu müdafiə edir. Lakin ekoloji təşkilatlar qurğuşun hissəciklərinin havaya yayılaraq ətraf ərazilərə, torpağa və kənd təsərrüfatı sahələrinə çökə biləcəyini vurğulayırlar.
Məsələ məhkəmə mübahisəsinə çevrilib
Sierra Club və Ayova Ekoloji Şurası əməliyyatın dayandırılması üçün məhkəməyə müraciət edib. Federal apellyasiya məhkəməsi icazənin icrasını müvəqqəti dayandırsa da, ABŞ Ədliyyə Nazirliyi ordunun fövqəladə səlahiyyətlərdən istifadə edərək partlayışları həyata keçirə biləcəyini bildirib.
Mətbuatda yayılan son məlumata görə, əməliyyatın noyabrın 25-də keçirilməsi planlaşdırılır. Ətraf mühit mütəxəssisləri isə qurğuşun çirklənməsinin təsirini müəyyənləşdirmək üçün uzunmüddətli müşahidələrin vacibliyini qeyd edirlər.
Mənbə: Al Jazeera
