Dünya

Aİ müdafiə layihələrində bürokratik maneələri azaltmağa hazırlaşır

Bugun.tv xəbər verir ki, Avropa İttifaqı (Aİ) müdafiə sahəsində layihələrin həyata keçirilməsini sürətləndirmək və müdafiə sənayesinin rəqabət qabiliyyətini artırmaq məqsədilə yeni qaydalar paketi hazırlayır.

Aİ Şurasının yaydığı məlumata görə, Avropa İttifaqı Şurası ilə Avropa Parlamentinin nümayəndələri müdafiə hazırlığının gücləndirilməsinə yönəlmiş yeni tənzimləmələr üzrə ilkin razılıq əldə ediblər.

Yeni qaydalar müdafiə layihələri üçün icazələrin verilməsi, Avropa Müdafiə Fondu (EDF), müdafiə məhsullarının üzv ölkələr arasında transferi və müdafiə satınalmaları ilə bağlı prosedurları əhatə edir.

Razılaşmaya əsasən, müdafiə layihələrinin təsdiqlənməsi üçün vahid çərçivə yaradılacaq. İcazə prosesinin maksimum müddəti 102 iş günü müəyyənləşdiriləcək. Səlahiyyətli qurumlar bu müddət ərzində qərar qəbul etmədikdə müraciətlərin avtomatik şəkildə təsdiqlənmiş hesab olunması nəzərdə tutulur. Bununla yanaşı, üzv dövlətlər milli təhlükəsizlik və ya insan sağlamlığı ilə bağlı hallarda istisnalar tətbiq edə biləcəklər.

Sənədə əsasən, Avropa Müdafiə Fonduna müraciət zamanı bir sıra inzibati tələblər sadələşdiriləcək. Həmçinin kiçik və orta sahibkarlıq subyektlərinin müdafiə layihələrində iştirakını təşviq edən mexanizmlər genişləndiriləcək.

Yeni tənzimləmələr müdafiə məqsədilə istifadə olunan bəzi kimyəvi maddələr üçün mövcud güzəştlərin qorunub saxlanmasını da nəzərdə tutur.

Müdafiə satınalmaları sahəsində isə müəyyən hədd göstəricilərinin artırılması, birgə satınalma imkanlarının genişləndirilməsi və çərçivə sazişlərində daha çevik mexanizmlərin tətbiqi planlaşdırılır.

Qeyd olunur ki, razılaşmanın qüvvəyə minməsi üçün həm Aİ Şurası, həm də Avropa Parlamentinin plenar iclası tərəfindən təsdiqlənməsi tələb olunur.

Xatırladaq ki, Avropa İttifaqı bu qanunvericilik paketini ilk dəfə 2025-ci ilin iyun ayında təqdim etmişdi. Rusiya-Ukrayna müharibəsindən sonra Aİ ölkələri müdafiə xərclərinin artırılması, silah və sursat istehsalının genişləndirilməsi, eləcə də müdafiə sənayesinin gücləndirilməsi istiqamətində fəaliyyətlərini sürətləndiriblər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Uşaqların açıq məzmun paylaşmasının qarşısı alınmalıdır”

Aynur Camal

Makron G7 və Çin liderlərini qlobal ticarət problemlərini müzakirə etmək üçün bir araya gətirir

Aynur Camal

Avropalıların yalnız 10 faizi ABŞ-ı müttəfiq hesab edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu