Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq əməyinin istismarı və insan alveri qurbanı olmasının qarşısının alınması sahəsində qurumlararası işin təşkili məqsədilə Şirvan şəhər Gənclər Evində tədbir həyata keçirilib.
Bu barədə Bugun.tv-yə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin rəhbəri Fariz Əkbərov məlumat verib.
Tədbirdə Şirvan, Neftçala, Hacıqabul, Salyan və Sabirabad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların əməkdaşları, Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektorları, rayon Polis İdarələrinin Post Patrul Xidmətinin Manqa Komandirləri, eləcə də kiçik və orta bizneslə məşğul olan sahibkarlar iştirak edib.
Tədbirdə AQUPDK-nin əməkdaşı Şəbnəm Cəfərova iştirakçılara Komitənin müvafiq sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin rəhbəri Fariz Əkbərov ekspert qismində çıxış ediblər.