Mütəmadi olaraq avtomobil qəzaları ilə bağlı xəbərlər alırıq. Bir çox hallarda piyadaları günahkar görürük. Amma fikirləşmirik ki, bəlkə elə maşında nasazlıq olub, ya əyləci sıradan çıxıb. Bəli, təəssülər olsun ki, ölkəmizə gətirilən bəzi nəqliyyat vasitələrində alar-almaz problemlər yaşanr. Bəs, maşın alıb üstündən 3-5 gün keçdikdən sonra nasazlığı aşkar etsək, geri qaytara bilərikmi?
Bugun.tv xəbər verir ki, ötən il Koreya istehsalı olan 400 mindən çox avtomobil müxtəlif nasazlıqlar səbəbindən geri qaytarılıb. Problemlər daha çox təhlükəsizlik kəmərləri, əyləc və elektrik sistemlərində olub. Azərbaycana xaricdən gətirilən maşınların çox hissəsi ikinci əldir. Bu avtomobillər də qeyri-rəsmi sövdələşmələr əsasında alınır. Geri qaytarıldıqda isə mübahisələr yaranır.
Ekspert Elməddin Muradlının sözlərinə görə, maşın avtosalondan alınırsa, hüquqi müstəvidə mübahisələr yarana bilir. “Yox, əgər siz internetdə baxıb, maşını bəyənirsiz və gedib həmin ölkədə özünüz almısınızsa və ya Azərbaycanda indi müəyyən insanlar formalaşıb ki, kompyuter vasitəsilə sizi həmin avtomobillə tanış edirlər, sizə canlı video göstərirlər.Gedib alırsız. Bu zaman problem çıxdıqda siz bunu hüququ müstəvidə həll edə bilməyəcəksiz. Ona görə də, bu məsələlərin də bir mexanizmi olmalıdır. O mexanizm bizdə yoxdur və ciddi boşluqlar var”.
Ekspert onu da qeyd etdi ki, Almaniya, Yaponiya, Amerika və digər nəhəng avtomobil istehsalçısı olan dövlətlər artıq bəzi nəqliyyat vasitələrinin istismarını dayandırıblar. “Sel daşqınları, sunamilər nəticəsində zərər çəkmiş, şüalanmaya, yanmaya məruz qalan avtomobillər olur. Görürsünüz avtomobil hərəkətdə olarkən yanır, səbəb nədir? Səbəb mənbəyi odur ki, vaxtı ilə suya batıb. Və yaxud ola bilsin ki, 2 maşının calağından meydana gələn avtomobildir. Yəni, bu nüansları araşdıracaq texnologiyalar var. Başqa ölkələr bunu tətbiq edirlər. Xüsusi cihazlar var ki, o maşını dərhal VİN kodla yoxlayır və yaxud da vizual baxış keçirən peşəkar ustalar var ki, baxan kimi bilirlər, bu maşın vurulub, calaq olunub.
“İkinci əl ucuz başa gəlir, 3 min xeyrim olacaq” – deyib, sonradan 10 min ziyana düşənlər kifayət qədərdir. Ona görə də, nəqliyyat vasitəsini rəsmi dilerdən almaq daha məqsədəuyğun sayılır.