Daily Mail: hamam dəsmalları yalnız iki istifadədən sonra yuyulmalıdır.
Yoluxucu xəstəlikləri olan və ya immun sistemi zəif olan insanlar dəsmalları hər istifadədən sonra, daha sağlamdırsa, iki istifadədən sonra yumalıdırlar. Bu barədə Daily Mail-ə Lester Universitetinin klinik mikrobiologiya professoru Dr Primrose Freestone bildirib. Mütəxəssisin sözlərinə görə, bədəni sildikdən sonra parça üzərində təkcə dəri hissəcikləri deyil, milyonlarla mikroorqanizmlər – bakteriya və göbələklər də qalır ki, onlar hər yeni istifadə zamanı toplanır və çoxalma üçün əlverişli mühit yaradır.
“Bu mikroblar arasında təhlükəli patogenlər ola bilər” deyə ekspert izah edib.
Professor Fristone Nigeriyanın Lafiya Federal Universitetində aparılan araşdırmaya istinad edib. Burada tələbələrin yataqxanada dəfələrlə hamam dəsmallarından istifadə etməsi təhlil edilib. Nümunələrin əksəriyyətinin səthində potensial təhlükəli mikroorqanizmlər, o cümlədən dəri və bağırsaq infeksiyalarına səbəb olan E. coli, Staphylococcus aureus və Klebsiella aşkar edilmişdir.
“Nəm dəsmalın təkrar istifadəsi qızdırma, astma, dəri iltihabı, qıcıqlanma və digər fəsadlara səbəb ola bilər, xüsusən də həssas dərisi olan və ya immuniteti zəif olan insanlarda”, – mikrobioloq izah edib. Onun sözlərinə görə, dəsmalların teksturası nəm saxlamağa kömək edir, rütubətli mühit isə patogen mikroorqanizmlərin çoxalmasını sürətləndirir.
İnfeksiya riskini azaltmaq üçün Freestone dəsmalları yuyucu vasitələrdən istifadə edərək ən azı 60°C temperaturda yumağı tövsiyə edir. O deyir ki, isti su bakteriyaları, göbələkləri, virusları öldürməyə kömək edir və xoşagəlməz qoxuları aradan qaldırır. Dəsmallar yalnız tam quruduqda, sərin, yaxşı havalandırılan yerdə saxlanmalıdır.
Mənbə: mail.ru