Bugun.tv xəbər verir ki, ABŞ-da neyroalimlər siçanların beyinlərində funksional insan hüceyrələrinin inkişafına nail olublar. Tədqiqatçılar hesab edirlər ki, yeni yanaşma yalnız insanlarda müşahidə olunan bəzi psixiatrik və nevroloji xəstəliklərin daha yaxından öyrənilməsinə və gələcək müalicə üsullarının sınaqdan keçirilməsinə imkan yarada bilər.
Alimlər bunun “insan kimi düşünən siçanlar” yaradılması anlamına gəlmədiyini vurğulayırlar. Araşdırma zamanı siçanlar genetik olaraq dəyişdirilib və beyin toxumalarının bir hissəsinin insan mənşəli hüceyrələrdən formalaşmasına şərait yaradılıb.
Tədqiqatda əvvəlcə siçanların beynin xarici təbəqəsi olan beyin qabığını demək olar ki, inkişaf etdirməməsi üçün genetik dəyişikliklər aparılıb. Daha sonra insanlardan götürülmüş dəri hüceyrələri yenidən proqramlaşdırılaraq beyin toxumasına bənzər hüceyrə qruplarına çevrilib. “Organoid” adlandırılan bu strukturlar daha sonra siçanların beyninə yerləşdirilib.
Məlumata görə, insan hüceyrələri zamanla siçanın mövcud beyin şəbəkəsinə qoşulub, digər beyin hissələri və onurğa beyni ilə əlaqələr yaradıb. Bir neçə aydan sonra bu hüceyrələr beynin xarici təbəqəsində fəaliyyət göstərməyə başlayıb.
Tədqiqatçılar əməliyyatdan təxminən altı ay sonra siçanların davranışlarını da müşahidə ediblər. Stanford Universitetinin professoru Sergiu Paşcanın sözlərinə görə, heyvanlar ümumilikdə adi siçanlara bənzər nəticələr göstəriblər.
Alimlər yeni modelin epilepsiya, autizm, serebral iflic və digər mürəkkəb beyin xəstəliklərinin biologiyasını araşdırmaq üçün istifadə oluna biləcəyini bildirirlər. Araşdırmanın müstəqil etik nəzarət çərçivəsində aparıldığı qeyd olunur.
Mənbə: Trt.haber
