Yapon alimləri yaşlı insanlarda beyin fəaliyyətini yaxşılaşdıra bilən gözlənilməz məhsulu müəyyən ediblər.
Araşdırma nəticələrinə görə, kumin (zirə) efir yağının gündəlik istifadəsi idrak funksiyalarına müsbət təsir göstərə bilər. Frontiers in Nutrition jurnalında dərc olunan tədqiqatda 65–86 yaş aralığında 38 nəfər iştirak edib.
Eksperiment zamanı iştirakçılar iki qrupa bölünüb. Bir qrup 12 həftə ərzində kumin aldehidlə zəngin efir yağı qəbul edib, digər qrup isə plasebo ilə kifayətlənib. Tədqiqatın əvvəlində və sonunda iştirakçıların zehni qabiliyyətləri xüsusi testlərlə qiymətləndirilib.
Nəticələr göstərib ki, kumin yağı qəbul edən şəxslərdə məlumatların emal sürəti və reaksiya qabiliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu göstəricilər gündəlik həyatda qərarvermə və sürətli düşünmə kimi vacib funksiyalarla birbaşa əlaqəlidir. Plasebo qrupunda isə belə dəyişikliklər qeydə alınmayıb.
Alimlər bildirirlər ki, nəticələr ümidverici olsa da, tədqiqatın miqyası kiçik olduğundan daha geniş araşdırmalara ehtiyac var. Həmçinin əldə olunan nəticələr təbii maddələrin beyin sağlamlığının qorunmasında və yaşa bağlı dəyişikliklərin ləngidilməsində mühüm rol oynaya biləcəyini göstərir.
Mənbə: mail.ru
