Alimlər “toksik” hesab edilən insanlarla ünsiyyətin insan sağlamlığına mənfi təsir göstərdiyini və qocalma prosesini sürətləndirə biləcəyini müəyyən ediblər.
ABŞ-da aparılan araşdırmanın nəticələrinə əsasən, insanlarda narahatlıq və mənfi hisslər yaradan sosial münasibətlər xroniki stressin artmasına səbəb olur. Bu isə qocalma ilə əlaqəli bioloji göstəricilərin yüksəlməsinə gətirib çıxara bilər.
Tədqiqatın nəticələri nüfuzlu elmi nəşr olan Proceedings of the National Academy of Sciences jurnalında dərc olunub.
Araşdırma zamanı alimlər 2000-dən çox iştirakçının sosial əlaqələrini və sağlamlıq vəziyyətini analiz ediblər. Toplanan məlumatlar iştirakçıların tüpürcək nümunələri ilə müqayisə edilərək bioloji qocalma səviyyəsi müəyyənləşdirilib.
Nəticələr göstərib ki, hər əlavə stress faktoru qocalma sürətini təxminən 1,5 faiz artırır. Bu isə o deməkdir ki, insan bir təqvim ili ərzində təxminən 1,015 bioloji il qocalmış olur.
Alimlər həmçinin müəyyən ediblər ki, qadınlar kişilərlə müqayisədə ətraflarında onları narahat edən insanların daha çox olduğunu bildirirlər. Bundan başqa, zəif sağlamlığa malik olan şəxslər və uşaqlıqda mənfi təcrübələr yaşamış insanlar münasibətlərdən qaynaqlanan xroniki stressə daha həssas olurlar.
Araşdırmaya görə, münaqişələrə daha çox səbəb olan şəxslər arasında ailə üzvləri, xüsusilə valideynlər və uşaqlar, eləcə də iş yoldaşları və birgə yaşayan şəxslər yer alır.
Mütəxəssislər stress yaradan münasibətlərdən uzaq durmağı və belə hallarda şəxsi sərhədlər qoymağı tövsiyə edirlər. Zərurət olduqda psixoloqla işləmək də münasibətlərin sağlam şəkildə tənzimlənməsinə kömək edə bilər.
Mənbə: mail.ru
