Bugun.Tv xəbər verir ki, Almaniyanın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən “Stark Defence” startapı Avropa sularında sualtı kabellərin mühafizəsi və Rusiyanın “kölgə donanması”na aid gəmilərin izlənilməsi məqsədilə yeni pilotsuz dəniz gəmisi hazırlayır.
Mail.ru-nun məlumatına görə, “Vanta 24” adlandırılan gəminin 2027-ci ildə suya buraxılması planlaşdırılır. Təxminən 24 metr uzunluğunda olacaq gəmi ekipajsız fəaliyyət göstərəcək və saatda 64 kilometrdən artıq sürət yığa biləcək. O, raket və artilleriya sistemləri də daxil olmaqla, 50 tona qədər yük daşımaq imkanına malik olacaq.
Baltik və Şimal dənizlərində istifadə olunacaq
Yeni gəminin Baltik və Şimal dənizlərinin sərt hava şəraitində, o cümlədən güclü dalğalanma və aşağı temperaturda fəaliyyət göstərməsi nəzərdə tutulur. O, hərbi gəmiləri müşayiət edə, sahilboyu ərazilərdə müşahidə apara, sualtı kabelləri və digər vacib infrastrukturu qoruya biləcək.
Şirkət gəminin Atlantik okeanının şimal hissəsində də fəaliyyət göstərə biləcəyini bildirir. “Stark Defence” rəhbərliyinin qiymətləndirməsinə görə, belə pilotsuz gəmilərin istehsal xərci ənənəvi freqatların dəyərinin təxminən mində biri qədər ola bilər.
Layihənin Almaniya və Böyük Britaniyada hazırlanması planlaşdırılır.
Mənbələr: Mail.ru
