Bugun.tv xəbər verir ki, məşhur amerikalı pilot Amelia Erhartın itkin düşmüş təyyarəsini tapmaq məqsədilə Sakit okeanda aparılan yeni ekspedisiya gözlənilən nəticəni verməyib. Tədqiqatçılar təyyarə qalığı ola biləcəyini düşündükləri obyektin böyük ehtimalla sahilə yığılmış ağac parçalarından ibarət olduğunu müəyyən ediblər.
“The Guardian” qəzetinin məlumatına görə, araşdırma Kiribati dövlətinə daxil olan Nikumaroro adasında aparılıb. Ekspedisiyanın diqqətini 2020-ci ildə peyk görüntülərində qeydə alınan uzunsov, açıq rəngli obyekt cəlb etmişdi. Onun Erhartın təyyarəsinin qalıqları ola biləcəyi ehtimal edilirdi. Lakin ərazidə aparılan araşdırmalar bu versiyanı təsdiqləməyib.
Amelia Erhart və onun naviqatoru Fred Nunan 1937-ci ildə dünyanı təyyarə ilə dövrə vurmaq cəhdi zamanı yoxa çıxıblar. Erhart Atlantik okeanını təkbaşına və fasiləsiz keçən ilk qadın pilot kimi tanınır. Onların taleyi ilə bağlı müxtəlif ehtimallar irəli sürülsə də, indiyədək qəti sübut əldə edilməyib.
Son ekspedisiya konkret nəticə verməsə də, tədqiqatçılar Erhartın taleyini aydınlaşdırmaq üçün axtarışların davam etdirilə biləcəyini bildirirlər.
Mənbə: The Guardian
