Millət vəkili Aqil Abbasın Ağdamda ata-baba evlərini ala bilməyən vətəndaşların problemi ilə bağlı Milli Məclisdəki çıxışı gündəm yaradıb. Deputatın səsləndirdiyi fikirlər və Milli Məclisin sədri Sahibə Qafarovanın ona münasibəti cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Bugun.Tv xəbər verir ki, Əməkdar jurnalist Mətanət Ağamirli sosial şəbəkə hesabında paylaşım edərək Milli Məclis sədrinin deputatın çıxışına münasibətini yolverilməz hesab edib.
Jurnalist bildirib ki, Aqil Abbas şəxsi məsələsini deyil, ona müraciət edən çoxsaylı Ağdam və Füzuli sakinlərinin üzləşdiyi problemi gündəmə gətirib.
Mətanət Ağamirli paylaşımında özü də Ağdamda doğulub böyüdüyünü və ailəsindən qalan yeganə varis kimi ata evini ala bilmədiyini qeyd edib.
“Millət vəkili Aqil Abbas öz şəxsi məsələsini deyil, ona müraciət edən onlarla Ağdamlı, Füzuli sakinlərinin eyni problemini öz şəxsində gündəmə gətirdi. Parlamentin spikeri problem eşitmək, görmək istəmir, çox gözəl! Biz də problemsiz həyat istəyirik. Mən Ağdamda doğulub böyüyüb və ailədən qalan yeganə varis kimi ata evimi ala bilmirəm.
O zaman bir zəhmət, mənim kimi ata yurdunu ala bilməyən Ağdamlıların problemini həll etsinlər ki, vətəndaşın mülkiyyət hüququ problemi qalmasın. Vətəndaşların problemini, mülkiyyət hüququnu görməzdən gəlmək olmaz! Hələ bu yanaşmanı sərgiləyən bir də parlamentin xanım sədridirsə…” – deyə Mətanət Ağamirli paylaşımında vurğulayıb.
Jurnalistin fikrincə, vətəndaşların ata-baba evlərinə və mülkiyyət hüquqlarına dair problemləri diqqətdən kənarda qalmamalıdır.
