Bugun.tv xəbər verir ki, Türkiyənin Antalya sahillərində aparılan sualtı arxeoloji qazıntılar zamanı 2 min ildən çox əvvəl batmış ticarət gəmisinin yükü arasında 122 ədəd qədim keramika qabı aşkarlanıb.
“Nauka Mail” yazır ki, müxtəlif forma və ölçülərdə olan qablar gec ellinistik və erkən Roma dövrlərində Aralıq dənizi boyunca istehsal, ticarət və daşınma haqqında mühüm məlumatlar verir.
Arxeoloqların aşkarladığı yükün içərisində boşqablar, kasalar və böyük süfrə qabları var. Onların bir çoxu yüzillər boyu dənizin dibində qalmasına baxmayaraq, təəccüblü dərəcədə yaxşı vəziyyətdə qorunub.
Tədqiqatçılar bildirirlər ki, bunlar müxtəlif dövrlərdən qalan təsadüfi məişət əşyaları deyil. Qabların hamısının birlikdə daşınması onların qədim dövrdə kommersiya yükü kimi gəmiyə yerləşdirildiyini göstərir. Bu isə arxeoloqlara yalnız ayrı-ayrı əşyaları deyil, qədim tacirlərin malları necə hazırlayıb daşıdıqlarını da araşdırmaq imkanı verir.
Qab-qacaq qədim Rososa gedib çıxır
Aşkar olunan keramikaların qədim Rosos şəhəri ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Tədqiqatçılar bu şəhərin indiki Türkiyənin İskəndərun körfəzində yerləşən Arsuz ərazisində olduğunu düşünürlər.
Rosos qədim dövrdə mühüm istehsal mərkəzlərindən biri olub. Burada hazırlanan keramika məmulatlarının bölgədən kənarda da geniş yayıldığı bildirilir.
Qədim Roma dövlət xadimi və filosofu Mark Tulli Siseron da bu keramikaların tanındığını göstərən yazılı iz buraxıb. Siseron eramızdan əvvəl 50-ci ildə Kilikiya əyalətinin idarəçisi olduğu dövrdə yaxın dostu Titus Pomponius Attikə məktubunda “Rosos keramikasından” hazırlanmış qab dəsti sifariş etdiyini yazıb.
Alimlər vurğulayırlar ki, sualtı qazıntılar zamanı tapılan qabların məhz Siseronun sifariş etdiyi qablar olduğunu söyləmək mümkün deyil. Lakin arxeoloji tapıntının həmin dövrə yaxın yazılı mənbədə adı çəkilən keramika məmulatları ilə əlaqələndirilməsi qədim istehsal və ticarət sisteminin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Qədim tacirlər qabları necə qoruyurdu?
Arxeoloqlar qabların gəmidə yerləşdirilmə üsuluna da xüsusi diqqət yetiriblər. Keramika məmulatları bir-birinə sıx şəkildə yerləşdirilib, aralarındakı boşluqlar isə gil ilə doldurulub.
Bu üsul dəniz səfəri zamanı qabların hərəkət etməsinin və bir-birinə dəyərək sınmasının qarşısını almağa xidmət edib. Maraqlıdır ki, eyni qablaşdırma üsulu yükün gəmi batdıqdan sonra da müəyyən hissəsinin yaxşı qorunmasına kömək edib.
Nəticədə alimlər sadəcə qırıq keramika parçaları deyil, böyük ölçüdə ilkin formasını saxlayan qabları üzə çıxara biliblər. Bu isə qədim dəniz ticarətinin öyrənilməsi üçün daha geniş imkan yaradır.
Tədqiqatçılar hesab edirlər ki, qabların hazırlandığı gil, istehsal texnologiyası və formalarının ətraflı araşdırılması yükün dəqiq istehsal yerini müəyyənləşdirməyə və gəminin keçdiyi marşrutun daha böyük hissəsini bərpa etməyə imkan verə bilər.

Aşkarlanan gəmi qəzası həmçinin qədim Aralıq dənizində ticarətin necə təşkil edildiyini, hansı malların daşındığını və onların uzaq məsafələrə çatdırılması zamanı hansı üsullardan istifadə edildiyini göstərən mühüm arxeoloji mənbə hesab olunur.
Mənbə: “Nauka Mail”
